Şirvan şəhərində “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Noyabrın 20-də Şirvan Şəhər İcra Hakimiyyətində yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev, Muğan Regional Mərkəzin Mülki müdafiə idarəsinin rəisi Rafiq Zeynalov və Mərkəzin əməkdaşları iştirak ediblər.
Muğan Regional Mərkəzin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Rafiq Zeynalov, Muğan Regional Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Anar Sadıqov və Muğan Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, mayor Mirmöhsüm Qüdrətov çıxışlarında mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində maarifləndirilməsi ilə bağlı mövcud vəziyyətin təhlili haqqında məlumat veriblər.
Daha sonra tədbirdə idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.






