Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib 04.12.2023

04 dekabr 2023 | 12:55

04 dekabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhər B.Aslanov adina 16 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamladıqdan sonra əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər Komissiyası”nın fəaliyyətindən danışıb. Narkomanlığın cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.

Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq, respublikamızın hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirib ki, şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Narkomaniya asılılığını yaradan səbəblər və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Şirvan şəhər prokuroru Kamal Talıbov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, çıxışını şagirdlərlə diskussiya şəklində davam etdirib.

Tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Keçidlər