Şirvan şəhərində “Narkotik vasitə insanları uçuruma aparır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
18 dekabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə “Narkotik vasitə insanları uçuruma aparır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyətinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.
Görüş iştirakçıları öncə məktəbin foyesində məktəblilərin əl işlərindən olan sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb. Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmini qeyd edib. Narkomanlığa, narkotik vasitələrinlərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Şirvan şəhərində də uğurla həyata keçirildiyini bildirib, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat verib və bildirib ki, narkomaniyaya qarşı cəmiyyətimiz tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlər keçirilməsini diqqətə çatdırıb.
Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq, respublikamızın hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirib ki, şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Narkomaniya asılılığını yaradan səbəblər və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Şirvan şəhər prokuroru Kamal Talıbov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, çıxışını şagirdlərlə diskussiya şəklində davam etdirib.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov çıxışında narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə ediblər.
Tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.