Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Narkotik vasitələr insanları uçuruma aparır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

23 fevral 2024 | 16:05

23 fevral 2024-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə “Narkotik vasitələr insanları uçuruma aparır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüş iştirakçıları öncə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb. Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmini qeyd edib. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Şirvan şəhərində də uğurla həyata keçirildiyini bildirib, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat verib.

Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq, respublikamızın hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirib ki, şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Narkomaniya asılılığını yaradan səbəblər və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlərin, profilaktik tədbir olaraq şagirdlərə narkomaniyanın fəsadları barədə məlumatların verilməsinin vacibliyini  diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Keçidlər