Şirvan şəhərində Novruz bayramı qeyd olunub.
18 mart 2023 | 12:06
17 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Heydər Əliyev və milli ənənələrimiz” adlı ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri, şəhər Bələdiyyəsinin sədri, Şura üzvləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhid ailələri şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, I Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Novruz bayramına həsr olunmuş ümumşəhər tədbir Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər meydanında davam edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri başda olmaqla tədbirə qatılan qonaqları milli geyimdə olan məktəblilər salamlayıblar. Novruz atributlarından, qədim tarixə malik dulusçuluq, mis məmulatlarından, əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Qonaqlar məktəblilərlə yumurta döyüşdürüb, onların səsləndirdikləri haxıştaları, bayatıları, laylaları dinləyiblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ramil Əliyevin anası Xuraman xanım İsmayılova, şəhid Məharət Həsənovun övladı Ramil Həsənov, müharibə əlili Aslan Cəfərov ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Bayram tədbirini açan el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, arzularını bildirib və Bahar qızı ilə birlikdə yazın gəlişinin simvolu olan Səmənini Şəhər İcra Hakimiyyətinin başçısına təqdim ediblər. Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq şən və məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik edib, onlara möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il bayram günü xalqımıza bayram təbriki ünvanladığını, bayram şənliklərində iştirak etdiyini və onlarla öz sevincini paylaşdığını vurğulayıb. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını, BMT-nin Baş Assambleyası tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan olunması ilə bu bayramın beynəlxalq səviyyəli tədbirə çevrildiyini qeyd edib. Ölkə başçısının Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması milli-mənəvi dəyərlərimizə, xalqımızın birliyinə, həmrəyliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə çox yüksək önəm verən dahi şəxsiyyətə ümumxalq ehtiramınının bariz nümunəsi olduğunu bildirib. Torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin şərəfli məqamlarından söz açaraq, 3-cü ildir ki, bahar fəslinin xalqımızın tarixinə qızıl hərflərlə yazılan Şanlı Zəfərin sevinci və qüruru ilə qarşılandığını söyləyib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə yandırılan bayram tonqallarının şəhidlərimizin ruhunu şad edəcəyini ifadə edib. Dövlətimizin daha da qüdrədlənməsini, müstəqilliyinin əbədi olmasını, xalqımızın əmin-amanlıq və firavanlıq şəraitində yaşamasını arzulayıb.
Tədbirdə Şirvan şəhərinin incəsənət nümayəndələri, Şirvan Peşə Liseyinin tələbələri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər. “Cəngi” sədaları altında şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları maraqla izlənilib.
Tədbir “Azərbaycan” mahnısı ilə başa çatıb.
Mətbuat xidməti