Şirvan şəhərində peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə 8 aprel 2024-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində iclas keçirilib.
İclasda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, ŞİHB Aparatının əməkdaşları, ŞİHB-nın qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Şirvan-Salyan Regional Məşğulluq Filialının, Şirvan Bələdiyyəsinin, Şirvan Şəhər Statistika İdarəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Şirvan şəhər Komitəsinin, Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının Şirvan şəhər Komitəsinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev çıxış edərək bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.
Sonra çıxış edən aidiyyəti qurumların əməkdaşları sahibkarların hüquq və iqtisadi mənafelərinin müdafiə olunması, təşəbbüslərinin dəstəklənməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və digər istiqamətlərdə sahə və peşə assosasiyalarının yaradılmasının önəmi barədə danışıblar.
Qeyd edilib ki, Şirvan şəhər ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması istiqamətində Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.