Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş keçirilib 01.12.2022
01 dekabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Telemexanika zavodu” MMC-də çalışan şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə həmçinin Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov,YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Telemexanika zavodunun direktoru Feyruz Əsədov, ŞİH-nin şöbə müdirləri, məsul əməkdaşları və şəhərin xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Görüş iştirakçıları ilk olaraq zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxış keçirib. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət və qayğını, həmçinin Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı dünyada yayılan pandemiya təhlükəsi ilə əlaqədar ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, əhalinin kütləvi vaksinləşməsindən, xalqımızın bu təhlükədən də dünyaya nümunə ola biləcək səviyyədə uğurla çıxmasından danışıb. 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşündən bəhs edib.Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları, türk xalqları ilə qardaşılıq münasibətlərinin daha da gücləndirilməsi zəminində mövqeyi barədə sakinlərə ətraflı məlumat verib. Ölkə iqtisadiyyatının digər sferaları ilə yanaşı, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə də xüsusi diqqət ayıran cənab İlham Əliyevin respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsindən, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsindən söz açıb. Bildirib ki, ordu quruculuğunun vacib elementlərindən biri onun müasir silah-sursat və hərbi texnika ilə yüksək səviyyədə təchiz edilməsidir. Ölkəmizdə hərbi və müdafiə təyinatlı müəssisələrin yaradılmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olub. Milli iqtisadiyyatın mühüm seqmentlərindən biri olan müdafiə sənayesinin dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki rolunu nəzərə alan cənab Prezident İlham Əliyev də bu sahənin inkişafını daim diqqətdə saxlayır, gücləndirilməsi və modernləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiçiləri ilə müntəzəm görüşdüyünü, Milli Məclisdə qəbul edilən qərarların ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. Görülən abadlıq-yenidənqurma işlərinin nəticəsində Şirvan şəhərinin yaxın gələcəkdə daha da inkişaf edəcəyini, ölkənin ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirb. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti