Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş keçirilib 17.11.2022
17 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları və xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Qəbuldan öncə qonaqlar 8 Noyabr - Zəfər Gününə və Şuşa ilinə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Kollec tələbələrinin əl işləri, rəsmləri və Kollecdə keçirilən bütün tədbirləri əks etdirən fotostendlər nümayiş olunub. Sonra Kollecin muzey tipli tarix kabinetinə baxış keçirilib. Azərbaycan tarixinin müxtəlif salnamələrini əks etdirən stendlər,qədim əşyalar qonaqlar tərəfindən maraqla qarşılanıb. Şəhər İcra Hakimiyyətinin başçısı Əməkdar tarix müəllimi Mehran Əhməd qızının müəllim kimi fəaliyyətini yüksək qiymətləndirib və işlərində yeni - yeni uğurlar arzu edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşündən bəhs edib. Cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunan uğurların xalqımızın arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdıraraq, 2021-ci il noyabr ayının 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Ramil oğlunun anım günü olduğunu, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əliyev Elçinin də daim qəlblərdə yaşayacağı və onun əziz xatirəsinin hər zaman yad ediləcəyini bildirib. Görüşdə əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarlar və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyi, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlərin görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığı, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyü bildirilib. Şəhidlər Xiyabanında, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığı, şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyi qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC tərəfindən Şirvan şəhəri, Naxçıvan küçəsində 8.1 hektar ərazidə vətəndaşların güzəştli şərtlərlə mənzillə təmin olunması üçün çoxmənzilli yaşayış binalarının tikinti layihəsinin hazırlanması işlərinə başlanıldığını, bu kompleksin tikintisi demoqrafiq inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti