Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş keçirilib.
11 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Məftun Osmanov adına 20 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Görüşdən öncə qonaqlar 20 nömrəli tam orta məktəbin həyətində məktəbin məzunları, Birinci Qarabağ müharibəsinin şəhidi Məftun Osmanovun, Vətən müharibəsinin şəhidləri leytenant Süleyman Bağırovun və Amal Alışanlının xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Sonra məktəbin foyesində məktəblilərin vətənpərvəlik mövzusunda əl işlərindən ibarət sərgiyə baxılıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizədə dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlardan, qısa müddətdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanaların tikilməsindən, yoluxmuş vətəndaşların müraciətləri əsasında dərhal tibb müəssisələrinə yerləşdirilməsindən, ehtiyacı olan insanlara maddi yardımlar edilməsindən, ölkə əhalisinin kütləvi vaksinasiyasının həyata keçirilməsindən danışıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusunun azad etdiyini, Şanlı Zəfərin hər birimizdə qürur hissi doğurduğunu qeyd edib. Ölkə başçısının əzmi, qətiyyəti və iradəsi ilə hərbi platformada olduğu kimi, siyasi platformada da Azərbaycanın böyük uğurlar əldə etdiyini bildirib. Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün tarixi-siyasi əhəmiyyətindən bəhs edib. Azərbaycan tərəfinin bütün şərtlərini Ermənistana qəbul etdirməyinin diplomatik müstəvidə böyük Zəfər olduğunu vurğulayıb. Sonra ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirib. Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü, Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını, şəhər sakinlərinin səmərəli istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisinin genişləndirilərək müasir səviyyədə qurulduğunu, parkda Zəfər və Qarabağ xiyabanlarının, “Zəfər” abidəsinin yaradıldığını qeyd edib. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti