Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı yüksək ehtiramla davam etdirilir.

01 iyul 2026 | 17:11

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz peşəkarlığını və gücünü 44 günlük Vətən müharibəsində ləyaqətlə sübut etdi. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi və onların xidmətlərinin layiqincə qiymətləndirilməsi, şəhid ailələrininə və müharibə əlillərinə hərtərəfli diqqət və qayğı, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər dövlətimizin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin, onların müqəddəs fədakarlığına göstərilən ehtiramın və sosial ədalət prinsipinə sadiqliyinin bariz ifadəsidir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları müavinət, pensiya və digər sosial ödənişlərlə təmin olunur, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət vəsaiti hesabına mənzillər və fərdi yaşayış evləri təqdim edilir. Eyni zamanda bu kateqoriyadan olan şəxslərin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, müasir müalicə və reabilitasiya xidmətlərindən istifadə etmələri üçün zəruri tədbirlər davamlı şəkildə həyata keçirilir. Reabilitasiya mərkəzlərində göstərilən xidmətlər onların fiziki və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına, cəmiyyətə tam inteqrasiyasına mühüm töhfə verir. Şəhid ailələrinin övladlarının təhsil imkanlarının genişləndirilməsi də dövlətin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Bununla yanaşı, müharibə iştirakçılarının məşğulluğunun artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyası məqsədilə müxtəlif dövlət proqramları və aktiv məşğulluq tədbirləri həyata keçirilir.

Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan şəhərindən Azərbaycan Respublikasının ərazi bütölüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında canından keçən 159 şəhid və onların ailələri, 105 müharibə əlili, 19 hərbi xidmət əlili, 1563 müharibə veteranı daim diqqətdə saxlanılır.

Şəhidlərin doğum və anım günlərində Şəhidlər xiyabanında və şəhər qəbiristanlığındakı məzarları, şəhər ərazisindəki büstləri və xatirə abidələri ziyarət olunur, xatirlələri ehtiramla yad edilir.  Şirvan Şəhər İcra Hakimiyyəti başçısının, şəhərdə yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər İcra Hakimiyyətinin digər məsul şəxslərinin iştirakı ilə hər ayın sonuncu cümə axşamı günü Şəhidlər xiyabanında “Şəhid anası” memorial abidə kompleksinin qarşısında şəhid ailələri ilə görüş keçirilir və onların müraciətləri dinlənilir.

Şirvan şəhərində şəhidlərin qəhrəmanlıq salnaməsinin yaşadılması məqsədilə onların adını daşıyan idman turnirləri, elmi-praktik konfranslar, mədəni-kütləvi tədbirlər və anım mərasimləri mütəmadi təşkil edilir. Təhsil müəssisələrində şəhidlərə həsr olunmuş sinif otaqları, guşələr, xatirə lövhələri yaradılır, vətənpərvərlik dərslərində onların igidliyi gənc nəslə nümunə kimi təqdim olunur. Şəhidlərin keçdiyi döyüş yolu sənədli filmlərdə, xatirə kitablarında və albomlarda əks etdirilir, yerli mətbuatda və sosial media platformalarında onların həyat və qəhrəmanlığı barədə silsilə materiallar yayımlanır. Mədəniyyət mərkəzlərində mütəmadi olaraq anım tədbirləri keçirilir, onların adına ağacəkmə aksiyaları təşkil olunur, xatirə kompleksləri salınır.

Şəhid ailələri tez-tez ziyarət olunur, onların problemləri öyrənilir və operativ həlli istiqamətində işlər görülür, maddi və mənəvi dəstək göstərilir. Belə ki, 18.03.2026-cı il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə növbəyə götürülən 8 nəfər şəhid ailəsi üzvü və 28 nəfəri müharibə əlili olmaqla ümumilikdə 36 nəfər imtiyazlı şəxs Şirvan şəhərində yeni salınan MİDA “Yeni Şirvan” yaşayış kompleksində mənzillə təmin edilmişdir.

Bundan sonra da şəhərimizdə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin yaxşılarşıdırılması, vətən uğrunda canını fəda edənlərin xaitərəsinin əbədiləşdirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.

Keçidlər