Şirvan şəhərində “Şuşa ili” ilə bağlı rəsm sərgisi keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə təşkil olunmuş VI qrant "Şagirdlərin rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi, təlim və müsabiqələrin təşkili üzrə inklüziv qrupların yaradılması" layihəsi çərçivəsində 3 ay ərzində həyata keçirilən rəsm təlimi uğurla başa çatıb. 160 nəfər gənc rəssamın, o cümlədən 13 nəfər sağlamlıq imkanları məhdud şagirdin iştirak etdiyi layihənin rəhbəri Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimi Nuray Mehrəliyev olub. Şirvan Şəhər İcra Hakimiyyətinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, həm də layihənin başa çatması münasibətilə 19 dekabr 2022-ci il tarixdə Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbdə rəsm sərgisi təşkil edilib. Sərgidə Şirvan, Salyan, Hacıqabul məktəblərinin istedadlı şagirdlərinin, sağlamlıq imkanları məhdud şəxslərin Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmləri sərgilənib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhid ailələri, məktəblilər iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir işirakçılarını salamladıqdan sonra, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsinin xüsusi əhəmiyyətindən söz açıb və bununla əlaqədar Şirvan şəhərində də silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yeri, onun strateji rolunu vurğulayıb və müqəddəs şəhərimizin Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən düşmən işğalından azad edilməsinin əhəmiyyətindən danışıb. Ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının götərildiyini, sağlamlıq imkanları məhdud olan gənclərin dəstəkləndiyini qeyd edərək Şirvanda da bu səpkili layihələrin uğurla icra olunduğunu bildirib. Şəhər ərazisində keçirilən bütün tədbirlərdə şəhid ailələrinin, qazilərin iştirak etdiyini, onların bir çoxunun işlə təmin edildiyini, sağlamlıq imkanları məhdud olan istedadlı insanlara həssas münasibət göstərildiyini qeyd edib. Şəhər ərazisində qısa zamanda görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verib. Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin Şuşanın tarixi torpağımız olması, bir gün işğaldan azad ediləcəyinə inanması ilə bağlı çıxışı və Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər Xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciəti səsləndirilib. Tədbir alqışlarla başa çatıb.
Mətbuat xidməti