Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçinin mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı keçirilib. “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans YAP Şirvan şəhər təşkilatının inzibati binasında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqın adamı” sənədli filmi nümayiş olunub. Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin fəaliyyəti, siyasi irsi haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi irsi ilə əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Bu irs çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır. İlqar Abbasov hazırda Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini vurğulayıb. Sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ulu Öndər haqqında çıxışını 3 istiqamətdə davam etdirib. İlk olaraq onun təhsilin, xüsusilə də ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı, müəllim əməyinə verdiyi qiymət xüsusi vurğulanıb. Növbəti istiqamət kimi Ulu Öndərin sənayeləşmə siyasəti diqqətə çatdırılıb. Rektor qeyd edib ki, bugünkü iqtisadi uğurların təməlində məhz Heydər Əliyevin sənayeləşmə siyasəti dayanır. Üçüncü istiqamət kimi reformaların aparılması göstərilib ki, bu da Heydər Əliyevin hər zaman dəstəklədiyi istiqamətlərdən olub. Rektor deyib ki, qeyd olunan istiqamətlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərin müasir texnologiyaları mənimsəyərək dünya standartlarına cavab verən kadr kimi hazırlanması Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Daha sonra çıxış edən AzTU-nun məsləhətçi-professoru Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrindən söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü onun tələbəlik illərinə təsadüf edib. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi, onun tapşırığı ilə gənclərin xaricdə təhsil almağa göndərilməsi, ölkənin bütün sahələrdə inkişafı ilə bağlı qərarları xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrini xronoloji ardıcıllıqla konfrans iştirakçılarının diqqətinə çatdırıb. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs edib. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə partiyanın məqsəd və məramlarına varislik fonunda Azərbaycanın daha güclü və etibarlı gələcəyinin təminatçısı rolunu oynadığını vurğulayıb. Sonra bir qrup şəxsin partiya üzvlüyünə qəbul olunduğunu bildirərək onlara üzvlük vəsiqələri təqdim olunub. Konfrans Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.