Şirvan şəhərində Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Bu gün xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşarlıq qazanmış Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür. Anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri Ulu öndərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolunu, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin irsi, çoxşaxəli fəaliyyətindən bəhs edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Qeyd edib ki, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərin içərisində ən misilsiz xidməti məhz dövlətçiliyin sarsılmaz əsaslarının formalaşdırılmasıdır. Ümummilli liderin Azərbaycan tarixinə təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi həkk olunduğunu vurğulayan Şəhər İcra Hakimiyyətinin başçısı Ulu öndərin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını bildirib. Böyük dühanın xilaskarlıq missiyasından danışan natiq 1993-cü ildə ölkəmizin ən ağır zamanlarında xalqın təkidi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı, məhz bu böyük qayıdışdan sonra Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Vurğulayıb ki, həmin dövrlərdə Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması və qəbul edilməsi, dövlətçiliyin əsaslarının qoyulması kimi ciddi islahatların aparılması ilə ölkəmiz qısa müddətdə beynəlxalq aləmdə də öz möhkəm və sarsılmaz yerini bərqərar edə bilib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən İlqar Abbasov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandğı şanlı zəfəri ilə başa çatdırıldığını deyib. Tədbirdə çıxış edən Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarov Ulu öndər Heydər Əliyevin Şirvan şəhərinə göstərdiyi diqqət və qayğıdan, şirvanlıların da həmişə Ulu öndər Heydər Əliyevə böyük dəstək göstərdiklərindən söz açıblar. Ümumilli liderin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından, xalqımız, dövlətimiz qarşısında tarixi xidmətləri barədə danışıblar.
Mətbuat xidməti