Şirvan şəhərində Vətən müharibəsinin iki şəhidinin anım, iki şəhidinin doğum günü qeyd olunub.
12 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun anım, Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Tədbir iştirakçıları şəhid məzarlarının önünə tər qərənfillər düzüb, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyiblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun, Röyal Məmmədovun və Əli Mənəflinin məzarları qarşısında çıxış edərək belə qəhrəman, mərd və şücaətli oğul böyütdükləri üçün şəhidlərin valideynlərinə minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayıb. Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 gün ərzində dünyanı heyrətə salan döyüş əməliyyatlarından və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına rəsmi səfərinin əhəmiyyətinindən, imzalanan sənədlərin iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi və möhkəmlənməsindəki rolundan danışıb. Türk xalqlarının dostluğunun vacibliyini, Vətən müharibəsində Türkiyə Respublikasının Azərbaycan dövlətinə dəstəyini xüsusi vurğulayıb. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb. Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər. Şəhidlərimizin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyyəsində xüsusi əhəmiyyətini qeyd ediblər. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsinin şəhidləri Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə tədbir keçirilib. Vətənimizin müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Röyal Məmmədovun, Əli Mənəflinin həyat yolundan, döyüşlərdəki xidmətlərindən danışıblar. Şəhidlərin doğmaları və dostları onlar haqqında əziz xatirələrini bölüşüblər. Tədbirin sonunda şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti