Şirvan şəhərində Vətən müharibəsinin şəhidi Nicat Hüseynovun doğum günü qeyd olunub.
02 iyun 2022 | 12:27
Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Nicat Ziyafət oğlu Hüseynovun doğum günü anadan olduğu, böyüyüb boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.
2 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, “Şirvan Araz zavodu MMC”-nin direktoru Rəhman Mehdiyev, şəhid ailələri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Nicat Hüseynovun məzarı üzərinə tər gül dəstələri düzüblər.
Şəhidin məzarı önündə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov canını Vətənə qurban verməkdən çəkinməyən belə bir qəhrəman oğul böyütdüyü üçün Nicatın anası Zümrüd xanıma minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, şəhid analarına səbir arzulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan ordusunun tariximizin ən şanlı qələbəsini qazandığını bildirib. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Müharibə ərəfəsində bir nəfər əsgərin belə döyüş meydanını tərk etməməsinin, silah-sursatla yanaşı, yaralı döyüş yoldaşlarını da çiynində daşımasının, dövlət-ordu-xalq birliyinin dünyanın aparıcı dövlətlərini və mətbuatını heyran qoyduğunu xatırladıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Nicatın da döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyini diqqətə çatdırıb. Nicatın və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
“Şirvan Araz zavodu MMC”-nin direktoru Rəhman Mehdiyev şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə şəhidlərimizə borclu olduğumuzu söyləyib. Nicatın necə vətənpərvər, mərd oğul olduğunu, işinə hər zaman məsuliyyətlə yanaşdığını, kollektivdə qısa müddətdə böyük nüfuz və hörmət qazandığını bildirib.
Sonra tədbir iştirakçıları Nicat Hüseynovun vaxtilə işlədiyi “Şirvan Araz zavodu” MMC-də onun xatirəsinə həsr olunmuş guşədə büstün önünə tər gül dəstələri düzüblər.
Tədbir “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində davam edib. Çıxış edənlər Azərbaycanın bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu, şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib.
Qəhrəman şəhidimiz Nicat Hüseynovun təhsil aldığı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimləri Nicat haqqında xoş xatirələrini bölüşüblər, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin anası Zümrüd Hüseynova Nicat haqqında böyük kədərlə söz açaraq, övladı ilə fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Sonda Gənclər Evi tərəfindən şəhid Nicat Hüseynov haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!