Şirvan şəhərində Xocalı soyqırımının qurbanları yad edilib.
Fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Şirvan şəhər Şəhidlər xiyabanında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülərək, ruhlarına dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvləri, yaxınları ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsinin önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutduğunu, uşaq, qadın və qocalara rəhm etmədiklərini, Xocalıda misli görünməmiş qətliam törətdiklərini bildirərək, bu faciənin xalqımızı dərindən yaraladığını, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu qeyd edən İlqar Abbasov Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımızda üçrəngli dövlət bayrağımızın dalğalandığını, bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığını və şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhərində məskunlaşan Xocalı sakini Arif Əzizov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edərək, faciə zamanı baş verən işgəncələrdən və ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışıblar.
Saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!