Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yeni tədris ilinə başlanılıb 15.09.2023

15 sentyabr 2023 | 12:52

Yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 10 nömrəli tam orta məktəbdə keçirilən “Bilik günü”nə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib.

Öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Aqil Bəşirov, şəhər 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Gülmira Məmmədova çıxış edərək, ötən dərs ilinin  yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni tədris ilində şəhər təhsil ictimaiyyətini, məktəbin müəllim və şagird kollektivini, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri “Bilik günü” münasibətilə təbrik edərək, uğurlar arzulayıb. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən danışaraq bildirib ki, Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan təhsilinin inkişafındakı tarixi xidmətlərindən danışıb.

Ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsində gənclərimizin könüllü olaraq ordu sıralarına yazıldığını, vətənimizin ərazi bütövlüyünün müdafiəsinə şərəf və ləyaqətlə xidmət etdiyini bildirib. Ölkə başçısı, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu”nda birləşərək, müstəqilliyimizin əbədi, ərazi bütövlüyümüzün daimi olacağına və şəhidlərimizin qisasının alındığına əmin olduğunu ifadə edib. Şəhidlərimizin əziz xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini vurğulayıb, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib. 

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.

Qeyd edək ki, respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Şirvan şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Keçidlər