Şirvan şəhərində yeni tədris ilinə başlanılıb.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısı bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsil strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Təhsil sahəsində aparılan islahatlar, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Prezidentinin elm və təhsil sahəsində davamlı inkişafın təmin olunmasını nəzərdə tutan konsepsiyasının uğurla gerçəkləşdirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayır. Fondun təşəbbüsü ilə ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi bir çox önəmli layihə və proqramlar reallaşdırılmışdır. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir.
Təhsilə göstərilən diqqətin və ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsidir ki, 2020-ci ilin senyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordumuzun şücayəti sayəsində əzəli-əbədi torpaqlarımız düşmən işğalından azad oldu, xalqımız Şanlı Zəfər çaldı. Tarixə qızıl hərflərələ yazılan o şərəfli günləri bizə bəxş edənlər sırasında Şirvan şəhərinin qeyrətli və şücaətli gəncləri də misilsiz vətənpərvərlik nümunələri göstərdilər, 21 nəfəri şəhid oldu, 100-dən çoxu yaralandı.
Sonuncu dəfə 12-13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması xəbəri hər birimizi məyus etsə də, başımızı dik tutur, məğlubiyyətilə barışmaq istəməyən düşmənlərimizdən tezliklə şəhidlərimizin qisasının alınacağına inanırıq.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi həmişə uca tutulur, dövlətimizin tərəfindən onların ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Şirvan şəhər ümumtəhsil məktəblərində Vətən müharibəsi şəhidlərinin adlarının sinif otaqlarına verilməsi, onların doğum və anım günlərinin geniş şəkildə qeyd edilməsi, məktəblilərin əlamətdar günlərdə Şəhidlər Xiyabanını ziyarət etməsi şəhidlərimizə ehtiramın bariz nümunəsidir. Çünki şəhidlərimizin qəhrəmanlığı və vətənpərvərliyi gənc nəsillərə örnəkdir.
Hər il olduğu kimi 2021-2022-ci tədris ili də şəhərimiz üçün uğurla yekunlaşmış, məzunlarımız yüksək nailiyyətlər qazanmışlar. Bu il Şirvan şəhər ümumtəhsil müəssisələrini 707 məzun bitirib, 465 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 276 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, 22 nəfər 600-700 arası, 21 nəfər 500-600 arası bal toplayıb. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin məzunu Yaqubov Sənan Famil oğlu ümumilikdə 700 baldan 684 bal, Bəhruz Aslanov adına Şirvan şəhər 16 nömrəli tam orta məktəbin məzunu Ağamalıyev Əhməd Muxtar oğlu 683,6 bal toplayaraq şəhərimiz üzrə ən yüksək nəticəni göstəriblər.
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanlarında Şirvan şəhər Kimya-Biologiya Təmayüllü Liseyin şagirdi İsmayılov Ayxan Akif oğlu ümumilikdə 300 baldan 291,c2 bal toplayaraq region üzrə ən yüksək nəticəni göstərib.
Bu il Ulu öndər Heydər Əliyevin anadan olnasının 99-cu ildönümü ilə bağlı “Ən yaxşı təqdimat” müsabiqəsində 2 nömrəli tam orta məktəbin 10-ci sinif şagirdi Məmmədov Əlikram Əli oğlu 2-ci dərəcli diploma layiq görülüb. Respublika Fənn Olimpiadasında, Respublika Fənn Müsabiqəsində, Lütfi Zadə adına məntiq Olimpiadasında, Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında şəhər məktəbliləri müvəffəqiyyətlə iştirak edib, 2 nəfər qızıl, 5 nəfər gümüş, 2 nəfər bürünc medal qazanıblar.
Bu il Şirvan şəhər ümumtəhsil müəssisələrinin I-XI siniflərində ümumilikdə 14092, I siniflərdə 1161 şagird təhsil alacaqdır.
Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Şirvan şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusunda tədris olunub.