Şirvan Ürək Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı icra olunub.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Şirvan Ürək Mərkəzində açıq ürək əməliyyatlarına başlanılıb. 55 yaşlı pasiyent üzərində icra olunan ilk açıq ürək əməliyyatı uzman ürək-damar cərrahı Beyrək Abbaszadə tərəfindən həyata keçirilib. Professor, ürək-damar cərrahı Kamran Musayevin və Şirvan Ürək Mərkəzinin rəhbəri Yunis Həsənovun dəstəyilə keçirilən, təxminən 3 saata yaxın davam edən əməliyyat uğurla baş çatıb. Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxşdir.
Məlumat üçün bildiririk ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Ürək Mərkəzində 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xidmətlər göstərilir. Səkkiz təcrübəli həkim və otuza yaxın tibbi personal müasir kardio-diaqnostika ilə angioqrafiya sahəsindəki ən yeni avadanlıq və cihazlardan istifadə edir.
Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardio stimulyatorların, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyyatların həyata keçirilməsi mümkündür. Mərkəzdə Angioqrafiya, Ürək cərrahiyyəsi, əməliyyatdan sonra xəstələrin təqibi üçün İntensiv terapiya və reanimasiya bölmələri fəaliyyət göstərir.
Nəzərinizə çatdırırıq ki, ötən ilin oktyabrın 19-da açılışı olan Şirvan Ürək Mərkəzində xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.