Şirvanda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
Fevralın 27-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Muğan Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin, Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin və Şirvan şəhəri üzrə Təhsil sektorunun əməkdaşları iştirak ediblər.
Öncə məktəbin həyətində Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin əməkdaşları tərəfindən xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı istifadə olunan yanğınsöndürmə və xilasetmə texnikası, alət və avadanlıqları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin tibbi yardım vasitələri nümayiş olunub, mülki müdafiə sərgisinə baxış keçirilib, tədbir iştirakçılarına sərgidə nümayiş olunan avadanlıqlarla bağlı ətraflı məlumat verilib.
Məktəbin akt zalında davam edən tədbirdə çıxış edənlər 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, mülki müdafiənin məqsədi və insan cəmiyyətində rolu, fövqəladə hallar və yanğın təhlükəsizliyi, həkiməqədər ilk tibbi yardım, qarşıda duran vəzifələr və bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə söz açıblar.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyəti barədə videoçarx nümayiş olunub.






