Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

13 noyabr 2023 | 17:08

Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Apellyasiya Məhkəməsinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərlə bağlı xatirələrini danışıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki,  bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

İlqar Abbasov qeyd edib ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Möhtərəm Prezidentimizin sözləri ilə desək - “Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir”.

Sonra məruzə ilə çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev bildirib ki, 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.

Daha sonra çıxış edən Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsidir. 28 il əvvəl, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Vurğulanıb ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Keçidlər