Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

12 iyun 2026 | 17:12

İyunun 12-də Şirvan Şəhər İcra Hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – Sarsılmaz dövlətçilik, əbədi müstəqillik” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Ulu Öndərin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə, eyni zamanda məktəblilərin əl işindən ibarət rəsm sərgisinə baxış keçirilib.

YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Milli Qurtuluş Günü – Sarsılmaz dövlətçilik, əbədi müstəqillik” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı siyasi böhrandan və parçalanma təhlükəsindən xilas edərək qurtuluş yoluna çıxarması, ölkədə sabitlik və inkişafın əsaslarını yaratması istiqamətindəki tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı və onun xilaskarlıq missiyasının rəmzi olan Milli Qurtuluş Günü ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı məhz 1993-cü ilin 15 iyunundan başlayan qurtuluşun əsas mahiyyətini təşkil edir. Məhz bu dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Bu baxımdan, Heydər Əliyev dönəmi və onun şah əsəri olan Qurtuluş fəlsəfəsi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.

Qeyd edib ki, yeni əsrin və yeni minilliyin başlanğıcında müstəqilliyi qoruyub saxlamaq və  Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident cənab İlham Əliyev idi. Çağdaş tariximizin ictimai-siyasi və dövlətçilik tarixinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi, suverenliyin bərpası istiqamətində bir çox yarımçıq qalmış məsələlər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Vurğulayıb ki, bu gün Ulu Öndərin yolunu inamla davam etdirən Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə biz həmin tarixi irsi qoruyur, onu daha da ucaldırıq. Qarabağın azadlığı da, Zəfər salnaməmiz də, bugünkü sabitliyimiz də – 15 İyunun ruhundan doğur. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.

İlqar Abbasov həmçinin bildirib ki, ölkəmizin qazandığı uğurlardan danışarkən xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələri, xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti mütləq qeyd olunmalıdır. Məhz çox hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.

Tədbirdə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən "Xilaskar" sənədli filmi nümayiş olunub.

Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, müharibə veteranı Elvin Balayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu barədə fikirlərini bölüşüblər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Keçidlər