Şirvanda 17 iyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
İyunun 14-də Şirvan Şəhər İcra Hakimiyyətində 17 İyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və bir qrup tibb işçisi iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, yeni tibbi texnologiyaların tətbiqi, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Yeni növ koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdiklərini qeyd edib.
Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildiriblər.
Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyova 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.