Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd edilib.

17 oktyabr 2025 | 17:46

Oktyabrın 17-də Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Heydər Əliyev Mərkəzinin kollektivi, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara və Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və hər birimiz üçün əlamətdar gündür.

Qeyd edib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafının təmin edilməsində qarant rolunu oynayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz tam təmin olunub, Azərbaycan bütün sahələrdə inkişaf edərək regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.

Həmşinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri dövlətimizin gücünü, xalqımızın qələbə əzmini və yenidənqurma iradəsini əks etdirən mühüm hadisələrdir. Bu səfərlər həm azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə birbaşa rəhbərliyin göstəricisi, həm də həmin ərazilərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində qətiyyətli siyasətin təzahürüdür.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan danışıb. Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən məqsədyönlü siyasətin dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişaf yolunda mühüm mərhələ olduğunu vurğulayıb.

Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sənədli film nümayiş olunub, həmçinin Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin tələbələrinin və şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Keçidlər