Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konfrans keçirilib.

18 oktyabr 2023 | 17:15

“Heydər Əliyev İli” çərçivəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda keçirilən konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə YAP Şirvan şəhər təşkilatındakı Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər güllər düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, 18 oktyabr 1991-ci il Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür. Təsadüfi deyil ki, Azərbaycanın müstəqillik tarixi xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik arzularını gerçəkləşdirməyə nail olmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında müstəqilliyi qoruyub saxlamaq və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident cənab İlham Əliyev idi. Bu il Möhtərəm Prezident cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 20 ildir ki, etibarlı əllərdədir. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin "Dəmir yumruğ"unun qəti qələbəsidir. Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyev 15 oktyabr tarixini Azərbaycan bayrağının bütün ərazilərimizdə dalğalandığı gün kimi tarixə yazdı. 100 illik arzular, 100 illik ağrılar, 100 illik faciələr yerini bütöv Azərbaycanla əvəz etdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran şəhərləri təkcə işğaldan azad edilmədi, həm də o ərazilərdə əsrlər boyu yaşamış azərbaycanlıların ruhları azad oldu. İşğaldan azad edilmiş torpaqlarımızı sözün əsl mənasında Azərbaycan bayraqları ilə bəzəyən Prezidentimizə, Qalib Ali Baş Komandanımıza, canları ilə bütöv Azərbaycana can verən şəhidlərimizə, bütün cəhbələrdə döyüşən qəhrəman vətəndaşlarımıza, əməyi keçən hər kəsə həmişə minnətdar olacağıq.

Daha sonra çıxış edən Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti Aytac Əliyeva dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyin qorunub möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açıblar. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini vurğulayıblar.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını və çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər