Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və hər birimiz üçün əlamətdar gündür. Təsadüfi deyil ki, Azərbaycanın müstəqillik tarixi xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik arzularını gerçəkləşdirməyə nail olmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında müstəqilliyi qoruyub saxlamaq və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident cənab İlham Əliyev idi. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik həsrətə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün şəhər və kəndlərdə dalğalanır. Beləliklə, 20-ci yüzillikdə xalqımızın qazandığı ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır. İşğaldan azad edilmiş torpaqlarımızı sözün əsl mənasında Azərbaycan bayraqları ilə bəzəyən Qalib Ali Baş Komandanımıza, qəhrəman Vətən övladlarına, canları ilə bütöv Azərbaycana can verən şəhidlərimizə, onların valideynlərinə hər zaman minnətdar olacağıq.
Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik tariximizin başlanğıcı olduğunu vurğulayıb, həmin illərdə Parlamentin yaradıldığını, dövlət atributlarının müəyyən edildiyini, ana dilinin dövlət dili elan olunduğunu, vətəndaşlara bərabər hüquqların verildiyini, hüquq sisteminin formalaşdırıldığını qeyd edərək, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanındığını diqqətə çatdırıb. 1993-cü ildə respublika rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtaraq müstəqilliyimizi dönməz və əbədi etdiyini qeyd edib. Bildirib ki, müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, respublikamızda hərtərəfli, o cümlədən köklü hüquqi islahatların aparılması ilə səciyyələnir.
Daha sonra tədbir şəhər məktəblilərinin və Şirvan Şəhər Musiqi Məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib.