Şirvanda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
2 Fevral- Azərbaycan Gəncləri Gününün 27-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, şəhər gəncləri və ictimaiyyət nümayəndələri öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, dövlət gənclər siyasətinin banisi olan Ümummilli liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
“Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində davam edən tədbirdə öncə şəhər gənclərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara sağlam gələcək, firavan həyat, işlərində uğurlar və nailiyyətlər arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib.
Ulu öndərin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və şəhid atası Alim Zülfüqarov gənclərini təbrik edərək qeyd ediblər ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərimiz göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənci Fəxri fərmanla təltif edib. Sonda xatirə şəkli çəkilib.