Şirvanda 2 İyul – Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, polis və daxili işlər orqanlarının regional şöbələrinin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının işçiləri və polis əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını və veteran polis işçilərini təbrik edib, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.
İlqar Abbasov xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da polis orqanlarının layiqli töhfələr verəcəyinə əminliyini bildirərək, ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb.
Sonra çıxış edən Şirvan Şəhər Polis şöbəsinin rəisi Seymur Əfəndiyev Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü və peşə bayramı günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan polis orqanlarının cinayətkarlığın qarşısının alınması, ictimai asayişin qorunması, insanların hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını yüksək peşəkarlıqla həyata keçirdiyini vurğulayaraq, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bildirib.
Tədbirdə Şirvan şəhər prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov və digər çıxış edənlər polis əməkdaşlarını təbrik edib, onlara dövlətçiliyin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qanuni mənafelərinin müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən şəhərdə fəaliyyət göstərən bir qrup daxili işlər orqanlarının rəhbərlərinə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib, xatirə şəkli çəkilib.
Daha sonra tədbir şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının iştirakı ilə Sərvət Şadlıq Sarayında davam edib.