Şirvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə ümumşəhər tədbiri keçirilib.
Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 34 il ötür. Ümumxalq Hüzn Günü Şirvan şəhərində böyük izdihamla qeyd olunub.
20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Şəhidlər xiyabanında davam edən tədbirdə 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülərək, ruhlarına dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvləri, yaxınları ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Sonra şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib, abidə önünə əklil qoyulub.
“Şəhid Anası” memorial abidə kompleksinin qarşısında davam edən tədbirdə “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədən başlayaraq Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib. 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyi diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi ilə qeyd edir.
Millət vəkili İltizam Yusifov çıxış edərək, 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslərdən danışıb, 20 Yanvarın tariximizdə həm də ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edib.
Sonra tədbirdə Şirvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, önünə tər güllər düzüblər. Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edilərək, xatirələri ehtiramla yad edilib.
Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı və məzarüstü abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!