Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə ümumşəhər tədbiri keçirilib.

20 yanvar 2025 | 15:26

Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 35 il ötür.  Ümumxalq Hüzn Günü Şirvan şəhərində böyük izdihamla qeyd olunub.

Şirvan şəhər Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib, abidə önünə əklil qoyulub.

“Şəhid Anası” memorial abidə kompleksinin qarşısında davam edən tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədən başlayaraq Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib.

20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyi diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur hissi ilə qeyd edir.

Sonra çıxış edən Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, şəhid atası İlqar Fərəcov, Vətən müharibəsi və antiterror tədbirlərinin iştirakçısı, müharibə veteranı Ruslan Gözəlov 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslərdən danışaraq, 20 Yanvarın tariximizdə həm də böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd ediblər.

Daha sonra tədbirdə Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri 20 Yanvar  faciəsinin 35-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən, qatarlardan səs siqnalları verilib.

Sonda Şirvan şəhərinin axundu Əvəz Mehrəliyev tərəfindən 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhlarına dualar oxunub.

Keçidlər