Şirvanda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Şirvan şəhər Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib, abidə önünə əklil qoyulub.
“Şəhid Anası” memorial abidə kompleksinin qarşısında davam edən tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədən başlayaraq Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib. Qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı, milli qəhrəmanlıq səhifəsidir. Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında SSRİ rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını kəskin şəkildə pisləyib, bu hadisəni Azərbaycan xalqına qarşı ağır cinayət adlandırıb, baş verənlərə siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib. Həmçinin Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyini diqqətə çatdırıb.
İlqar Abbasov 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.
Vurğulayıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət nəticəsində əldə edilən tarixi Zəfər sayəsində ölkəmizin 30 ilə yaxın işğal altında olan əraziləri azad edilib, hazırda həmin ərazilərə əhalinin mərhələli və təhlükəsiz şəkildə qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı uğurla icra olunmaqdadır.
Tədbirdə Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən, qatarlardan səs siqnalları verilib.
Sonda Şirvan şəhərinin axundu Əvəz Mehrəliyev tərəfindən 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhlarına dualar oxunub.






