Şirvanda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
20 yanvar 2023 | 16:09
20 yanvar 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının konfrans zalında keçirilən dəyirmi masada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şura üzvləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların nümayəndələri iştirak edib.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına həlak olan bütün şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən film nümayiş olunub,
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Bakı şəhərində törətdiyi kütləvi qırğından 33 il keçməsinə baxmayaraq xalqımızın həmin faciənin ağır nəticələrini unutmadığını, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarını hər zaman dərin ehtiramla xatırladığını, hər il böyük bir izdihamın Şəhidlər Xiyabanını ziyarət etdiyini bildirib. Faciənin canlı şahidi kimi o gecə baş verən hadisələrlə bağlı xatirələrini bölüşərək, həyata keçirilən qətliamın hər bir azərbaycanlıda dərin kədər hissi yaşatmaqla yanaşı, həm də o günün Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən tarixi gün olduğunu qeyd edib. Faciədən dərhal sonra-1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirməsini, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etməsini, məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşdığını vurğulayıb. Şəhidlərimizin əziz xatirəsini daim uca tutan, onların ailələrinə yüksək həssaslıq və ehtiram göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən Şanlı Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi ilə şəhidlərimizin qisasının alındığını, dünyanın Azərbaycanın ədalətli haqq savaşının və şanlı qələbəsinin şahidi olduğunu diqqətə çatdırıb. Ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafəisinin gücləndirilməsi sahəsində xüsusi qanunvericilik bazasının yaradılması, bu sahədə dövlət siyasətinin davamı olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin də şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğı nümayiş etdirməsi barədə məlumat verib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın azadlığı, suverenliyi, bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Torpaqlarımızın bütövlüyü və Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir diləyib.
Dəyirmi masada çıxış edən millət vəkili İltizam Yusifov və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhərmanov həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycan tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığına, müstəqilliyinə geniş yol açdığını bildiriblər. 20 Yanvar faciəsininə siyasi-hüquqi qiymət verilməsində, müstəqilliyimizin qorunub saxlanmasında, dövlətimizin qüdrətlənməsində Ulu öndərin misilsiz xidmətlərindən bəhs ediblər. Xalqımızın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında birləşərək, ölkəmizin daha da inkişaf edəcəyini və dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəyini qeyd ediblər.
“Aztelekom” MMC-nin Cənub-Şirvan Regional filialının rəisi Zaman Verdiyev və digər tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı xatirələrini və fikirlərini bölüşüblər.
Mətbuat xidməti