Şirvanda 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
22 iyul 2024-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, media nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, ziyalılar iştirak edib.
Tədbir iştirakçıları ilk olaraq “Milli mətbuatımız arxiv yaddaşında” adlı sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikasının Milli Arxiv Fondunun tərkibinə daxil olan mətbuatımızın yaradıcıları sayılan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadəyə aid əlyazma sənədlər, fotolar nümayiş olunub. Həmçinin Şirvan şəhərində fəaliyyət göstərən Mayak qəzetinin və İşıq qəzetinin 1 sentyabr 1965-ci ildə işıq üzü görmüş ilk nüsxəsi də nümayiş olunan sənədlər arasında idi.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb, milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib. Bildirib ki, bu gün əsasının qoyulmasının 149-cu ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib. Milli mətbuatın inkişafı və çiçəklənməsi məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da əvvəlcə hərbi senzuranı,1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Əsası Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Həmçinin Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən İlqar Abbasov, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərinin, keçirilən mədəni-kütləvi tədbirlərin mediada işıqlandırılmasından danışıb.
Çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva diqqətə çatdırıb ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Sonra Milli Mətbuat Günü ilə əlaqədar videoçarx izlənilib.
Digər çıxış edənlər - “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və “Azəri-Press” Agentliyinin (APA) bölgə müxbiri Əlibəy Zeynalov, “Spase”televiziyasının Aran bölgəsi üzrə müxbiri Yaqub Mehdiyev və digərləri milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.
Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.