Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

22 iyul 2025 | 19:53

22 iyul 2025-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, media nümayəndələri və ziyalılar iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq Milli mətbuatımızı əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikasının Milli Arxiv Fondunun tərkibinə daxil olan mətbuatımızın yaradıcıları sayılan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadəyə aid əlyazma sənədlər, fotolar nümayiş olunub.  Həmçinin Şirvan şəhərində fəaliyyət göstərən Mayak qəzetinin və İşıq qəzetinin 1 sentyabr 1965-ci ildə işıq üzü görmüş ilk nüsxəsi də nümayiş olunan sənədlər arasında idi.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb, milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib.  Bildirib ki, bu gün əsasının qoyulmasının 150-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib. Milli mətbuatın inkişafı və çiçəklənməsi məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da əvvəlcə hərbi senzuranı,1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.  Əsası Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Həmçinin Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən İlqar Abbasov, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərinin, keçirilən mədəni-kütləvi tədbirlərin mediada işıqlandırılmasından danışıb.

Digər çıxış edənlər - “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və “Azəri-Press” Agentliyinin (APA) bölgə müxbiri Əlibəy Zeynalov və digərləri milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.

Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Keçidlər