Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

26 iyun 2024 | 13:31

İyunun 26-da şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, gənc çağırışçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları öncə Şirvan şəhər Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılmış abidəni və “Şəhid anası” memorial abidə kompleksini ziyarət ediblər. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Sonra Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramlarla anılıb.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

26 İyun - Silahlı Qüvvələr Günü və Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğuna həsr olunmuş “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filmi nümayiş olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusunun formalaşdığını vurğulayan İlqar Abbasov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi, həmçinin 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərpa olunması məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “Qarabağ müharibəsi əlillləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin şəhər təşkilatının sədri Pənah Xankişiyev, şəhid ailələri Rəhim Hüseynov, İradə Atayeva, itkin şəhid anası Ceyran Məmmədova, müharibə iştirakçıları Vurğun Məlikov, Nasir Məlikov, Baxşəli Süleymanov, Aslan Cəfərov, Elvin Abbasov və Ruslan Gözəlov bildiriblər ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyub. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıblar.

Görüşdə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub.

Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər