Şirvanda “27 sentyabr - Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunub.
Sentyabrın 22-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələlərin nəzarətdə saxlanacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid ailəsi üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.






