Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

27 may 2024 | 17:57

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Əvvəlcə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 28 May – Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bütün şəhidlərimizin müstəqillik yolunda canından keçdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ay olduğu kimi şəhid ailələri ilə görüşüb, onları narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib.

Daha sonra 28 May – Müstəqillik Günü münasibətilə və Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində şəhid ailələrinin iştirakı ilə Şəhidlər xiyabanında və şəhərin Bayraq meydanında ağacəkmə aksiyası təşkil olunub. Aksiyada hər şəhidin adına bir ağac olmaqla, ümumilikdə 100-ə yaxın şam ağacı əkilib.

Tədbirdə Şirvan şəhər 9 və 21 nömrəli tam orta məktəblərin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.

Keçidlər