Şirvanda 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirilib.
Dekabrın 2-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Reabilitasiya Mərkəzi PHŞ və Şirvan Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib.
Şirvan Gənclər evi SXM-də keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevayanın tapşırıqları ilə ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasəti həyata keçirilir, həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova, Şirvan Gənclər evi SXM-nin direktoru Əfqan Həsənov dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıblar. Qeyd edilib ki, əlilliyi olan şəxslərə, xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Çıxışlarda əlilliyi olan şəxslərin inkluziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğu diqqətə çatdırılıb.
Tədbirdə 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş videoçarx nümayiş olunub, sərgiyə baxış keçirilib.






