Şirvanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə xalqımızın birlik əzmindən yaranan, milli-mənəvi bütövləşmə arzusunu, ümumxalq amallarına sədaqətini təcəssüm etdirən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, eyni zamanda 25 dekabr tarixində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə 31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir. Bu gün xalqımız birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə, tarixi Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edir. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də şəhidlərimizin xatirəsi daim əziz tutulur, adları əbədiləşdirilir, şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Şəhərin giriş hissəsində salınmış “Şəhidlər Xiyabanı” müqəddəs yer kimi şəhər sakinlərinin daimi ziyarətgahına çevrilib.
İlqar Abbasov həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər sakinlərinin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıraraq, 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra çıxış edən Millət vəkili Heydər Əsədov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini bildirib, hər kəsə səadət və uğur dolu günlər arzulayıb. Qeyd edib ki, 31 dekabr milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən, bütün azərbaycanlıların həmrəyliyi günüdür.
Daha sonra tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi Mahnı və Rəqs ansamblının ifasında konsert programı ilə davam edib.
Sonda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şirvan şəhərində təşkil edilən tədbirdə iştirakına görə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının bir qrup şəxsi şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub, xatirə hədiyyələri təqdim edilib.