Şirvanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Şəhidlər xiyabanı ziyarət edilib, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və “Şəhid anası” memorial abidə kompleksindəki soyqırımı qurbanlarına həsr olunan xatirə lövhəsinin önünə gül dəstələri düzülüb.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın ermənilər tərəfindən təkcə ötən əsrdə 4 dəfə soyqırıma və deportasiyaya məruz qaldığını xatırladıb. Minlərlə azərbaycanlının xüsusi amansızlıqla, o dövrə qədər görünməyən işgəncələrlə qətlə yetirildiyini, on minlərlə insanın yurd-yuvasından didərgin salındığnı, yüzlərlə kəndlərimizin yandırılaraq xarabalığa çevrildiyini, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığını söyləyib. Ermənilərin 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasından, Sumqayıt hadisələrindən, 20 Yanvar, Xocalı faciələrindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra 1918-ci ilin mart qırğınlarına dövlət səviyyəsində siyasi qiymət verildiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ermənilərin ərazi iddialarının, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün ötən illər ərzində geniş tədbirlər həyata keçirildiyini vurğulayıb. Soyqırım qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra çıxış edən Şirvan şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi İlkin Şahbazov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov və şəhid atası Alim Zülfüqarov 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətindən geniş bəhs ediblər.
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür və bu faciə beynəlxalq müstəvidə də kəskin şəkildə pislənməkdədir. Həmçinin qeyd olunub ki, xalqımızın üzləşdiyi bu soyqırımı aktları onun qan yaddaşına əbədi həkk olunmuş, milli kimliyimizin formalaşmasında və tarixi yaddaşımızın qorunmasında mühüm yer tutmuşdur.
Tədbirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.






