Şirvanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Şirvan şəhər Şəhidlər xiyabanında soyqırımı qurbanlarının xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.
YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.
Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov, Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, Şirvan Peşə Liseyinin direktor müavini Günel Əliyeva, Şirvan Şəhər Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Nəmini, “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Analitik İnformasiya Mərkəzinin rəisi Taleh Məmmədov 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən gerçəkləşdirilmiş kütləvi qırğınları xüsusi qeyd edərək, azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklər nəticəsində on minlərlə günahsız insanın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə kəndin yandırıldığını, tarixi abidələrin məhv edildiyini, sakinlərin doğma yurd-yuvalarından didərgin salındığını vurğulayıblar. Eyni zamanda bu barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun, tarixi faktlar əsasında çatdırılması istiqamətində aparılan işləri nəzərə çatdırıblar. Bu sahədə məqsədyönlü fəaliyyətin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla xalqımıza qarşı törədilmiş dəhşətli hadisələrə adekvat siyasi qiymətin verildiyini, həmçinin 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində soyqırım həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyasının artdığını, xüsusi tədbirlər planının icra olunduğunu bildiriblər. Ermənilərin çoxəsrlik məkrli planlarına Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı ilə son qoyulduğunu, bu gün hər bir azərbaycanlının qalib xalqa çevrilməyimizin qürurunu yaşadığını qeyd ediblər.