Şirvanda “44 gün - Tarixi zəfər” üçcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xatirə kitabı redaksiyası və Şirvan Şəhər İcra Hakimyyətinin birgə təşkilatçılığı ilə 31 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzində yeni çap olunan “44 gün - Tarixi zəfər” üçcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Xatirə kitabı redaksiyasının əməkdaşları, Şirvan şəhərinin, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, bu rayonlardan olan şəhid ailələri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Öncə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva giriş sözü ilə açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şücaətli əsgər və zabitlərimizin qanı ilə əldə olunan Şanlı Zəfərdən bəhs edib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşən və qələbə çalan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını, gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb. Xatirə kitabı redaksiyasının əməkdaşlarına, xüsusilə “44 gün - Tarixi zəfər” kitabının ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib və belə bir ülvi missiyanın həyata keçirilməsinin şəhid valideynlərinə böyük təsəlli olacağını qeyd edib. Xatirə kitabı redaksiyasının əməkdaşları Rəfael Tağızadə, Hikmət Məlikzadə çıxış edərək, şəhid adının müqəddəsliyindən, şəhidlik məqamının ucalığından söz açıblar. Daha sonra tədbir iştirakçılarına “44 gün – Tarixi zəfər” adlı üç cildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olunub. Bildirilib ki, kitabın birinci cildində minə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat yer alır. Həmçinin digər şəhidlərin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görüldüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, bu vaxta qədər Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək kitablar nəşr olunub. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir. Hacıqabuldan gələn şəhid anası Güldanə Bağıyeva, Şirvandan olan şəhid atası Alim Zülfüqarlı övladları ilə qürur duyduqlarından, şəhid valideyni olmağın məsuliyyətindən danışıblar. Övladları ilə bağlı xatirlərini bölüşüblər. Vətən, qəhərmanlar, şəhidlər haqqında çəkilən filmlərin, yazılan kitabların, əsərlərin, şeirlərin, bəstələnən mahnıların əhəmiyyətindən bəhs ediblər. Belə bir tarixi faktlara söykənən kitabın hazırlanmasına görə şəhid ailələri adından müəlliflərə təşəkkürlərini bildiriblər. Vətən müharibəsində iştirak edən, könüllü olaraq döyüşlərə qatılan, həlak olan şəhidlərimizin həyat hekayəsindən bəhs edən “Vətən daşı” sənədli filmi nümayiş olunduqdan sonra filmin ssenari müəllifi və rejissoru Vüsal Nuru çıxış edib. O, şəhidlərin xatirələrini əbədiləşdirmək məqsədilə silsilə filmlərin çəkilməsinə start verildiyini bildirib. Tədbirdən sonra “44 gün - Tarixi zəfər” kitabının nüsxələri, kitabın birinci cildində (A-Ə hərfləri üzrə) haqqında məlumatlar əks olunan şəhidlərin valideynlərinə təqdim olunub. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Mətbuat xidməti