Şirvanda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.
Martın 4-də Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Sonra şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb.
Bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.
Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub.
Sonda idmançılarla xatirə şəkli çəkilib.