Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

05 mart 2024 | 17:19

Martın 5-də Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Sonra 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yürüş keçirilib. Şirvan şəhər Heydər Əliyev adına parkdan başlayan yürüş şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsinədək davam edib.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında davam edən tədbirdə əvvəlcə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Bədən tərbiyəsi və idmanın Azərbaycan dövləti üçün hər zaman prioritet sahələrdən birini təşkil etdiyini bildirib. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.

Sonra çıxış edənlər ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlarla təltif olunub.

Sonda idmançılarla xatirə şəkli çəkilib.

Keçidlər