Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

05 oktyabr 2023 | 18:34

5 oktyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və şəhər təhsil müəssisələrinin müəllimləri iştirak edib.  

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tədbir iştirakçılarını salamlayaraq, Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında şəhərin bütün müəllimlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təhsilin maddi-texniki bazasının, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıb.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görülür. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf mərhələsinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində müasir  texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllimlərin, şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan İlqar Abbasov Şirvan təhsil  sistemində qazanılan uğurların məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd edib.

Ölkəmizin bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçildiyini bildirən İlqar Abbasov, əlamətdar gün münasibətilə bütün müəllimləri və təhsil işçilərini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra şəhərin 10 nömrəli tam orta məktəbinin müəllimi Natavan Nəcəfova çıxış edərək, müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olmasından, gələcək nəsillərin milli ruhda, düzgün əqidəli, vətənpərvər, dünyagörüşlü şəxsiyyət kimi yetişməsində müəllimin rolundan danışıb.

Tədbirin sonunda 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Təşəkkürnamələri təqdim edilib.

Keçidlər