Şirvanda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Oktyabrın 2-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, təhsil işçiləri və müəllimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf mərhələsinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir.
Vurğulayıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində müasir texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllimlərin, şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan İlqar Abbasov Şirvan təhsil sistemində qazanılan uğurların məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu diqqətə çatdırıb.
Ölkəmizin bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçildiyini qeyd edərək, əlamətdar gün münasibətilə bütün müəllimləri və təhsil işçilərini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışıb və müəllimlərə bu çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Elm və təhsil işçiləri həmkarlar ittifaqının Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov, Şirvan şəhər S.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Rəfiqə Rzayeva, Şirvan şəhər kimya və biologiya təmayüllü liseyin direktoru Hüseyn Mirzəyev müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olmasından, gələcək nəsillərin milli ruhda, düzgün əqidəli, vətənpərvər, dünyagörüşlü şəxsiyyət kimi yetişməsində müəllimin rolundan danışaraq, müqəddəs peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər.
Tədbirdə bir qrup təhsil işçisi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.
Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.






