Şirvanda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
Mart 7-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində şəhid anaları ilə görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhid anaları və ailə üzvləri iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycan qadınının öz ağlı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə xalqımızı, millətimizi daim ucaltdığını, milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımızın bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etdiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırdığını, onun Azərbaycan xanımları haqqında mötəbər tədbirlərdə səsləndirdiyi fikirləri xatırladıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyini vurğulayıb. Tarixin bütün dövrlərində qadınların kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında əhəmiyyətli rol oynadıqlarını bildirib və qəhrəmanlarımızı dünyaya gətirən bütün analara, xüsusilə şəhid analarına minnətdarlığını ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, şirvanlı qadınların da şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini qeyd edib.
Sonra çıxış edən Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və şəhid atası Alim Zülfüqarov şəhidlik mərtəbəsinin ucalığından, qəhrəmanlarımızın göstərdiyi şücaətdən danışaraq, şəhid analarını və şəhidlərin xanım ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan xanımlarına ən xoş arzularını çatdırıblar.
Şəhid anaları göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.