Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 8 Noyabr — Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib.

07 noyabr 2026 | 22:38

Noyabrın 7-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert təşkil edilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin eksponatları, eləcə də məktəblilərin və gənclərin Vətən müharibəsini, tarixi Qələbəni və Vətənə məhəbbət mövzusunu əks etdirən rəsmləri, kitabları və əl işləri nümayiş etdirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Tarixi Zəfərin möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb, bu Qələbənin dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən, milli birliyimizin və həmrəyliyimizin möhkəmlənməsindəki rolundan bəhs edib.

Daha sonra bayram tədbiri konsert proqramı ilə davam edib. Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də respublikanın və Şirvan şəhərinin tanınmış incəsənət nümayəndələri çıxış ediblər. İfa olunan musiqi nömrələri və vətənpərvərlik ruhlu mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsi şəhidi Emil Hümbətovun atası Tərlan Hümbətovu 60 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb və xatirə hədiyyəsi təqdim edib.

Konsert proqramının ardından bayram tədbirləri Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında davam edib. Parkda ucaldılan Zəfər abidəsinin önündə Zəfər Günü münasibətilə atəşfəşanlıq təşkil olunub.

Zəfər Günümüz mübarək!

Keçidlər