Şirvanda ailə dəyərləri və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi istiqamətində maarifləndirici tədbir keçirilib.
Fevralın 20-də Şirvan Şəhər İcra Hakimiyyəti və “Şirvan Gənclər Evi” SXM-in birgə təşkilatçılığı ilə ailə dəyərləri və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi məqsədilə maarifləndirici təlim-seminar keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, “Şirvan Gənclər Evi” SXM-in direktoru Əfqan Həsənov, psixoloqlar, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə ətraflı məlumat verib, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğunu vurğulayıblar.
Erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıblar. Erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bu səbəbdən gələcəkdə ailədaxili zorakılıq hallarının artması ilə nəticələndiyini qeyd ediblər.
Diqqətə çatdırılıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyayətin əsasında uşaqların təhsil və sağlamlıq məsələləri, onların hüquqlarının müdafiəsi dayanır.
Daha sonra erkən nikahlarla mübarizə mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə bukletləri paylanılıb.