Şirvanda “Anım Günü” ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub 26.09.2023
27 sentyabr Anım Günü ərəfəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb.
26 sentyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan 4 saylı Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Anar Cəfərov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.
Ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.